Ölkədaxili sərnişin və yük daşımaları sahəsində dövlət nəzarətinin təkmilləşdirilməsi, bu fəaliyyət növü ilə məşğul olan hüquqi və fiziki şəxslərin mənafeyinin qorunması, eləcə də göstərilən xidmətin daha rahat, təhlükəsiz və yüksək keyfiyyətdə təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Məlumat üçün qeyd edək ki, ölkəmizdə qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu hal daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.
Problemin aradan qaldırılması üçün İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. 1 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək dəyişikliyə əsasən, xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycanda ölkədaxili sərnişin və yük daşımalarının həyata keçirilməsi inzibati xəta hesab olunacaq. Bu cür xətaya yol verənlərə qarşı 400 manat məbləğində cərimə sanksiyası tətbiq ediləcək. Eyni xəta inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə cərimənin məbləği 1000 manat olacaq.