Azərbaycan və Özbəkistan ilk dəfə eTIR (elektron icazə sistemi) əsaslı beynəlxalq yük daşımalarına başlayıb.
Bu barədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) tranzit xidmətləri üzrə baş məsləhətçisi Vaxtanq Zarandiya Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə bu gün Bakıda keçirilən çoxtərəfli görüşdə deyib.
Onun sözlərinə görə, bu, gömrük sərhədlərindən keçid prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirməklə yanaşı, ölkələr arasında əmtəə dövriyyəsində mühüm artıma səbəb olacaq.
"Bütün ölkələri bu təşəbbüsə qoşulmağa çağırıram, belə ki, "bir pəncərə" prinsipindən istifadə etməklə yükdaşıma dövlət sərhədlərindən keçid prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirəcək və maşınların gömrük məntəqələrində dayanma müddətini əhəmiyyətli dərəcədə azaldacaq", - o qeyd edib.
Orta Dəhlizin bütün ölkələrinin IRU iştirakçısı olduğunu nəzərə alaraq, o cümlədən personalın elektron sənədlərlə iş üzrə təlim almaları üçün gömrük orqanlarının əməkdaşlarının iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır.